“Sabahın alimləri” V Respublika Müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 2015-ci il 27 oktyabr tarixli 1023 nömrəli əmrinə, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 2015-ci il 29 dekabr tarixli 1143 nömrəli birgə qərarına əsasən 2016-cı il 11-13 fevral tarixlərində Bakı şəhərində “Sabahın alimləri” V Respublika Müsabiqəsi keçirilmişdir. Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Tədbirdə  Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Balakən, Qax, Ucar və Quba şəhərlərində yerləşən 62 ümumi təhsil müəssisəsini təmsil edən 127 layihə ilə 246 şagird iştirak etmişdir. Bu layihələrdən 41-i fərdi, 86-sı isə kollektiv işlənilmiş layihələr olmuşdur.

Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılmışdır. Qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 45 layihə üzrə 93 şagird, o cümlədən I yerə 5 layihə üzrə 8 şagird, II yerə 16 layihə üzrə 34 şagird, III yerə 24 layihə üzrə 51 şagird layiq görülmüşdür. 

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom və medallar təqdim edilmiş, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları verilmişdir.

Qeyd olunanları nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2016-cı il 11-13 fevral tarixlərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilmiş “Sabahın alimləri” V Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərin siyahısı təsdiq edilsin (Əlavə 1).

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 2015-ci il 29 dekabr tarixli, 1143 nömrəli birgə qərarına əsasən, qaliblərə (Əlavə 1), qalib şagirdlərin rəhbərlərinə (Əlavə 1a), Münsiflər Heyətinin üzvlərinə (Əlavə 2) pul mükafatları verilsin.

3. Cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək üçün Münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri arasından seçilən şagirdlərin siyahısı təsdiq edilsin (Əlavə 3).

4. Nəzərə alınsın ki, şagirdlərin yol xərcləri “İntel Foundation” Fondu  tərəfindən “Mədəd” təşkilatına ayrılan qrant hesabına ödəniləcəkdir.

5. Elm,  ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, “Sabahın alimləri” V Respublika müsabiqəsinin direktoru G.Hüseynovaya tapşırılsın:

5.1. İntel İSEF-də iştirak edəcək şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin;

5.2. Şagirdləri ABŞ-da müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə təkliflərini Nazirliyin rəhbərliyinə 10 gün ərzində təqdim etsin;

5.3. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.

6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Ictimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

 

Əsas: TN-nin 27 oktyabr 2015-ci il tarixli, 1023 nömrəli əmri, Münsiflərin qiymətləndirmə kartları, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Y.Piriyevin təqdimatı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

2 mart 2016-cı il

№125


Əlavə:

 

“Sabahın alimləri” V Respublika Müsabiqəsinin qaliblərinin siyahısı

 

“Sabahın alimləri” V Respublika müsabiqəsinin qalib layihələri üzrə Elmi rəhbərlərin siyahısı

 

“Sabahın alimləri” V Respublika müsabiqəsinin Münsiflər Heyətinin üzvləri

 

ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək üçün “Sabahın alimləri” V Respublika Müsabiqəsinin  qalibləri arasından Münsiflər Heyəti  tərəfindən seçilən şagirdlərin sihahısı