05.05.2025

“Uşaq hüquqları: İnkişaf üçün birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzusunda təlim keçirilib.

02 may 2025-ci il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Neftçalada “Konstitusiya və Suverenlik İli” münasibətilə “Uşaq hüquqları: İnkişaf üçün birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında maarifləndirici görüş və təlim proqramı təşkil olunub.

Təlimdə Uşaq Səfirlər Məclisinin Şirvan şəhəri, Neftçala, Hacıqabul, Salyan, Biləsuvar və Cəbrayıl rayonları üzrə regional nümayəndələri və fəalları iştirak ediblər.

Tədbir Dövlət himnin səslənməsi ilə açıq elan etdikdən sonra, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov çıxış edərək, bu kimi təşəbbüslərdə qeyri-hökumət təşkilatlarının iştirakını dəstəklədiyini bildirib. O, uşaqların inkişafında maarifləndirici görüşlərin və layihələrin önəmini qeyd edərək, iştirakçıları fəal olmağa və bu bilikləri gələcəkdə tətbiq etməyə təşviq edib.
Çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova "uşaqdan-uşağa" prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini vurğulayıb. O qeyd edib ki, günümüzün aktual məsələlərinin uşaqlara aşılanması və onların bu proseslərdə iştirakının təmin olunması vacibdir. Bu məqsədlə uşaq iştirakçılığını artırmaq istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
Təlim proqramı interaktiv formada davam etdirilib, uşaqlar komandalar şəklində bilik və bacarıqlarını nümayiş etdirdikləri intellektual oyunlarda iştirak ediblər.
Tədbirin sonunda fəal iştirakçılar sertifikatlarla təltif olunub, qalib komanda isə simvolik hədiyyələrlə mükafatlandırılıb.