17.01.2025

"20 Yanvar Ümumxalq Hüzn Günü"nə həsr edilmiş voleybol üzrə region birinciliyinə start verilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "20 Yanvar Ümumxalq Hüzn Günü"nə həsr edilmiş voleybol üzrə region birinciliyinin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində Regional Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Vüqar Dadaşov çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş təcavüz aktı kimi tarixə düşsə də, həmin gün, eyni zamanda, soydaşlarımızın yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuşdur. Vüqar Dadaşov çıxışında vurğulayıb ki, yenicə qədəm qoyduğumuz 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu sərəncam, milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsi olaraq, ölkəmizin müstəqillik və suverenliyini daha da möhkəmləndirən əhəmiyyətli bir addımdır. Tədbirdə gənclər arasında idman vasitəsilə milli-mənəvi dəyərlərin təbliğinin vacibliyi xüsusi olaraq vurğulanıb.