Sentyabrın 9-da Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin Srateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Xəlilova Rzazadə Leyla, Azərbaycan Respublikası Təhsil İnstitunun direktor müavini İlham Cavadov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Srateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Xəlilova Rzazadə Leyla Respublikada təhsil sahəsində aparılan islahatlardan, təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsi, Qarabağ Universitetinin sentyabr ayının 16-dan fəaliyyətə başlaması və ölkə təhsilində baş verən nailiyyətlərdən söz açıb. Çıxışının sonunda tədbir iştirakçılarına uğurlar arzulayıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Hesabatda . “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı görülmüş işlər haqqında məlumat verən idarə müdiri bu sahədə həyata keçirilmiş layihələrdən danışıb. Region üzrə şagird və müəllim nailiyyətləri, layihələrin əhatə dairəsinin genişləndirilməsi, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, əmək intizamına nəzarət, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər yer alıb. Sonda idarə müdiri bütün konfrans iştirakçılarına təşəkkürünü bildirib və onlara uğurlar arzulayıb.
Daha sonra Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Respublika fənn olimpiadaları, fənn müsabiqələrinə dair reytinq sıralaması, Beynəlxalq qiymətləndirmə, olimpiada və digər müsabiqələr, IV və VI siniflərdə təşkil olunmuş monitorinq nəticələri haqqında danışıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında rayon üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirib.