07.11.2023

Şirvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər yürüşü təşkil olunub.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq Şirvan şəhərində Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ulu Öndər Heydər Əliyevin abidəsindən başlayan yürüş şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Zəfər” abidəsinədək davam edib.

Tədbirdə şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlarına, məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra məktəblilərinin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək!” adlı fləşmob təşkil olunub.

Fləşmob tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli qeyd edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qazandığı hərbi Zəfər Azərbaycanın müstəqillik tarixinin müstəsna əhəmiyyətli hadisələrindəndir. 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı.

Həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumat verən İlqar Abbasov, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünün tam bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə Qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuzu vurğulayıb.

Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu tarixə öz adını yazdırdı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.