15.07.2023

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

“Şagirdlərimizin bilik və bacarıqlarının inkişafı milli sərvətimizdir. Yaxın gələcəkdə olimpiada qalibi olan məktəblilər Azərbaycanın ən yaxşı kadrları olacaqlar".

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iyulun 14-də keçirilən respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

Bu il 8 fənn üzrə təşkil edilən olimpiadalarda Şirvan -Salyan Regional Təhsil İdarəsi üzrə 3 nəfər qızıl, 9 nəfər gümüş, 21 nəfər isə bürünc medal olmaqla ümumilikdə 32 medal qazanılıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, gənclər və idman naziri Fərid Qayıbov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.

Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir

Tədbirdə respublika fənn olimpiadaları barədə videoçarx da nümayiş etdirilib.


Açar sözlər: ,