Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, laborant, kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri, psixoloq, məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri və Maliyyə-iqtisadiyyat sektorunun mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir. Müsabiqə üç mərhələdən ibarət olacaqdır (sənədlərin qəbulu, test imtahanı və müsahibə). Hər üç mərhələdən uğurla keçən namizədlərə müvafiq vakansiya üzrə vəzifə təklif olunacaqdır. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 17-31 iyul 2023-cü il tarixlərində Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Ünvan: Salyan şəhəri Ə.Hüseynov 2a) , yerli təhsil sektoruna müraciət edərək və ya info@salyan.edu.gov.az elektron poçt ünvanına tələb olunan sənədləri göndərərək qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə müvafiq vəzifələr üzrə aşağıda qeyd olunan minimum təhsil və iş stajı tələbləri mövcuddur:
Təsərrüfat işləri üzrə direktor müavini - orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.
Təsərrüfat müdiri – müvafiq sahə üzrə orta ixtisas təhsili, 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı və ya ümumi orta təhsili və 3 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı.
Uşaq birliyi təşkilatının rəhbəri - ümumi orta təhsil, iş stajına dair tələb yoxdur.
Kitabxana müdiri – orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı
Kitabxanaçı - ümumi orta təhsil və 3 ildən az olmayaraq iş stajı; orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan.
Psixoloq - təhsildə sosial psixologiya və ya psixoloq ixtisası üzrə ali təhsil, iş stajına dair tələb yoxdur.
Laborant - ümumi orta təhsil, iş stajına dair tələb yoxdur.
Musiqi rəhbəri (məktəbəqədər təhsil müəssisəsi üzrə) – orta ixtisas təhsili , əmək stajına tələb qoyulmadan
Mühasib (Maliyyə-iqtisadiyyat sektoru üzrə) - iqtisadiyyat ixtisas üzrə orta ixtisas təhsil, iş stajına dair tələb yoxdur.
Qeydiyyat mərhələsi üçün tələb olunan sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti;
2) Əmək kitabçasının surəti;
3) Təhsil haqqında sənədin surətini.