28.03.2023

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi ilə bağlı monitorinq keçirilib və eyni zamanda ibtidai sinif və Azərbaycan dili və Ədəbiyyat fənni üzrə tədris aparan müəllimlərlə sertifikasiya ilə bağlı maarifləndirici görüş keçirilib.

Martın 28-də şagird davranış qaydaları tətbiq olunan Neftçala rayon Samid İmanov adına 1 nömrəli tam məktəbdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Vüqar Dadaşov tərəfindən monitorinq keçirilib. Monitorinq zamanı şagird davranış qaydalarının tətbiqi vəziyyəti müzakirə edilib, şagird davranış jurnalları , rəğbətləndirmə jurnalları və digər sənədlər yoxlanılıb. Daha sonra nizam-intizam şurasının üzvləri ilə iclas keçirilib. İclasda şagird davranış qaydalarına uyğun təsdiq edilmiş daxili nizam-intizam qaydalarının tətbiqinin təmin olunması, "Özünürefleksiya"nın qeydiyyat formaları, refleksiya vərəqlərinin işlənilməsi, şagird davranışlarının qeydiyyatı ilə bağlı sinif davranış jurnallarına davamlı nəzarət olunması, şagird davranış qaydalarının tətbiqindən sonra görülmüş işlər və əldə olunan nəticələr barədə valideynlərin məlumatlandırılması kimi məsələlər müzakirə olunub. Eyni zamanda Neftçala rayonunda İbtidai sinif və Azərbaycan dili və Ədəbiyyat fənni üzrə tədris aparan müəllimlərlə sertifikasiya ilə bağlı maarifləndirici görüş keçirilib. Görüş zamanı Vüqar Dadaşov sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb. Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.