02.02.2023

Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə regionun əhatə etdiyi ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Salyan şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları Altun Rəcəbli, Həmid Qasımov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, İdarənin müvafiq sektor müdirləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Salyan şəhər komitəsinin sədri Yaqut Ələsgərova və gənc müəllimlər iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Dövlət gənclər siyasətinin banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx izlənilib.

Tədbiri giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli gənc müəllimləri təbrik edərək, 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini söyləyən idarə müdiri Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. S.Mənsimli həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı Altun Rəcəbli

Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirdiyini vurğuladı və gəncləri 2 Fevral- “Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik etdi.

Daha sonra regionlarda vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin data əsaslı qeydiyyatı və analitik təhlili, vətəndaşların müraciətlərinin araşdırılması, onların qəbula dəvəti, maarifləndirilməsi istiqamətində tədbirlər planının hazırlanması, ŞSRTİ-nə tabe sektorlarda vətəndaş məmnunluğu işinin təşkili istiqamətində görülən işlərin genişləndirilməsi, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi barədə söhbət açıb.

ATİAHİ-nın Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirə dəvət olunan gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, gənc nəslin təlim-tərbiyəsi sahəsində daha səmərəli fəaliyyət göstərəcəklərinə əminliklərini ifadə ediblər.

Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.


Açar sözlər: ,