Sənan Mənsimli Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Şirvan şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin Polis Akademiyasına qəbulu, onların Daxili İşlər Orqanlarında xidmətə qəbul olunmasının təşviqi” məqsədi ilə 11-ci sinif şagirdləri ilə keçirilən görüşdə iştirak edib.
Görüşdə ilk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ,şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Füzuli Əhmədov çıxış edərək hər il ümumtəhsil müəssisələri üzrə Polis Akademiyasına qəbul olan şagirdlərin statistikası haqqında məlumat veriblər. Polis Akademiyasının daima ölkə başçısı və daxili işlər nazirinin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. Tədbirdə Polis Akademiyasının müəllimi polis baş leytenantı Fuad Nəzərov Polis Akademiyasında ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində tədrisin təşkil edilməsi, məzunlara hüquqşünas diplomunun, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi kimi özəlliyin olması, tədris prosesi, istirahət və fiziki hazırlıq üçün yüksək səviyyəli şəraitin olması və digər bu kimi məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdən sonra Sənan Mənsimli şəhər 10 nömrəli tam orta məktəbdə dərslərdə iştirak edib və təhsil müəssisəsinin rəhbər əməkdaşları, müəllimlər və şagirdlərlə birlikdə onları maraqlandıran mövzular ətrafında müzakirələr aparıb və məktəbin tədris şəraiti, tətbiq olunan yeniliklərlə tanış olub.
Daha sonra S.Mənsimli Şirvan şəhərində həmin şəhərin qeydiyyatında olan sakinləri qəbul edib. Keçirilən qəbulda 60 vətəndaş iştirak edib. Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Qeyd edək ki,qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə sağlam və şəffaf mühit formalaşdırmaqdır.