Tarixi ədalətin bərpası, Azərbaycan xalqının qürur mənbəyi olan bu qələbənin qeyd edilməsi məqsədilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Böyük Zəfər” adlı şeir, rəsm və əl işləri müsabiqəsi elan olunur.
24 oktyabr-3 noyabr tarixlərində təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ incəsənətini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqədə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak etməlidir;
- Müsabiqə 3 nominasiya üzrə keçirilir;
Şeir nominasiyası
- Vətənpərvərlik mövzusunda “Zəfər Günü”nə həsr olunmuş şeirlər təqdim olunur;
Rəsm nominasiyası
- “44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi” mövzusunda rəsmlər çəkmək;
- İşləmə texnikası sərbəstdir;
- Rəsmlər A3 və A4 formatda işlənməlidir;
- Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, atasının adı, yaşı və təmsil etdiyi müəssisə qeyd olunmalıdır.
Əl işləri nominasiyası
- “Zəfər Günü”nün şanlı səhifəsinə həsr olunmuş əl işləri və maketlərin hazırlanması;
Müsabiqə 2 yaş qrupu üzrə keçirilir:
- I yaş qrupu 7-12 yaş
- II yaş qrupu 13-17 yaş
Müsabiqə 2 mərhələdə keçirilir:
I mərhələ - 25 oktyabr - 3 noyabr 2022-ci il. Bu mərhələdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Rayon (Şəhər) təhsil sektorları tərəfindən yaradılmış münsiflər heyətinin iştirakı ilə təhsil müəssisələrindən müsabiqəyə qatılmış şagirdlərin seçimi aparılır. Əsasnamənin tələblərinə uyğun olaraq rayon (şəhər) mərhələlərində hər yaş qrupundan nominasiyalar üzrə I,II,III yerin qalibləri yekun mərhələdə iştirak etmək hüququ qazanırlar.
II mərhələ - 4 noyabr 2022-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.
Hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən iştirakçılar Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.