Oktyabrın 20-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Biləsuvar Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin Polis Akademiyasına qəbulu, onların Daxili İşlər Orqanlarında xidmətə qəbul olunmasının təşviqi” məqsədi ilə Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə 11-ci sinif şagirdləri ilə görüş keçirilib.
Görüşdə ilk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Biləsuvar rayonu üzrə Təhsil Sektorunun müdiri Mehman Əliyev, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov çıxış edərək hər il ümumtəhsil müəssisələri üzrə Polis Akademiyasına qəbul olan şagirdlərin statistikası haqqında məlumat veriblər. Polis Akademiyasının daima ölkə başçısı və daxili işlər nazirinin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.
Tədbirdə Polis Akademiyasının baş müəllimi, polis polkovnik-leytenantı Rüfət İbayev Polis Akademiyasında ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində tədrisin təşkil edilməsi, məzunlara hüquqşünas diplomunun, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi kimi özəlliyin olması, tədris prosesi, istirahət və fiziki hazırlıq üçün yüksək səviyyəli şəraitin olması və digər bu kimi məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir zamanı yüksək fəallıq göstərən şagirdlərə Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən hədiyyələr verilib.