Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinə start verilib. Oktyabrın 12-də müsabiqənin rayon (şəhər) mərhələsi keçirilib. Müsabiqədə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları üzrə 275 nəfər şagird iştirak edib. Müsabiqə kompüter əsaslı təşkil olunub.
Müsabiqənin final mərhələsi Bakı şəhərində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil edilmiş kompüter mərkəzlərində həyata keçiriləcək. Təhsilalanlar müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqə xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə keçirilir.