15.10.2021

Hadrutun inkişafı ilə bağlı perspektiv planlar

Vətən müharibəsinin ən həll edici ərazilərindən olan, düşmənin belə gözləmədiyi bir zamanda azad edilən Hadrut əməliyyatı Azərbaycan Əsgərinin heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadığını, yalnız döyüş meydanında düşmənin başını əzdiyini sübut edən döyüş kimi yaddaşlarda qaldı. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq, müharibə dövründə yalnız hərbi birləşmələrə qarşı müharibə apardı, onları məhv edərək torpaqlarımızdan qovdu.

Hadrutun istər hərbi cəhətdən, istərsə də strateji baxımdan böyük əhəmiyyət daşıdığını hər kəs yaxşı bilir. Hadrutda ermənilərin çox böyük canlı qüvvəsi olduğu üçün düşməndən təmizlənməsi hərbi cəhətdən çox çətin idi. Bu yaşayış sahəsinin müzəffər ordumuz tərəfindən işğaldan azad edilməsi cəbhədə parlaq qələbə qazanılmasında önəmli amillərdən biri oldu və Azərbaycan Ordusu bu əməliyyatı keçirməklə öz güc-qüdrətini Ermənistana bir daha nümayiş etdirmiş oldu.

Ermənistan xalqının dövlətçilik ideyaları hər zaman yalan əsasında qurulmuş, onu təmsil edən millətinin də həyatı yalan və uydurmalardan ibarət olmuşdur. Hər zaman öz tarixini saxtalaşdırmağa çalışan bu dövlət bu gündə öz saxtakarlığından əl çəkmir, beynəlxalq ictimaiyyəti də bu yalanlara inandırmaq üçün əlindən gələni edir. İşğalçı dövlət öz yalanlarına hətta dünyanı belə inandırmağa nail olmasına baxmayaraq, belə hallar hər zaman müvəqqəti olacaq və həqiqət gec-tez öz yerini tapacaq. Necə ki, Azərbaycanın möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsi ermənilərin bir çox yalan və uydurmalarını, eləcə də uzun illər boyu bütün dünyanı inandırmağa çalışdıqları yalanlarını üzə çıxardı. Eyni zamanda, Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Bu səbəbdən də, Hadrut qəsəbəsi işğaldan azad olunduqdan sonra belə erməni informasiya vasitələri bu faktı danmağa və təkzib etməyə çalışırdılar. Çünki Hadrut əməliyyatı həqiqətən də Vətən müharibəsinin gedişində xüsusi əhəmiyyət kəsb edən ərazilərdən idi. Məhz Hadrutun işğaldan azad olunmasından sonra artıq digər ərazilərimizin də tezliklə azad ediləcəyi ilə bağlı şübhəmiz qalmamışdı.

Ermənilərin işğal olunmuş bütün ərazilərimizdə, o cümlədən Hadrut qəsəbəsində də 30 il ərzində heç bir quruculuq işləri aparmamaları onların bu torpaqlara heç zaman sahib olmadıqlarını və bundan sonra da ola bilməyəcəklərini sübut edir. İşğaldan azad olunmuş ərazilərimizə baxdıqda görürük ki, ermənilər heç vaxt bu torpaqları özləri üçün doğma torpaq hesab etməyiblər. Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyan Ermənistanda 30 il ərzində sadəcə kütləvi səfalət hökm sürüb, heç bir quruculuq işi aparılmayıb, əksinə, işğalı sonsuza qədər davam etdirəcəklərini düşünərək azərbaycanlıların illər əvvəl burada tikdikləri evlər, binalar, məktəblər, səhiyyə və mədəniyyət obyektləri də dağıdılıb, təbii sərvətlərimiz talan edilib.

Prezidentimiz İlham Əliyevin bütün rayonlarımızın, eləcə də Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı da planları var. Səfər zamanı baş tutan təməlqoyma mərasimləri və digər tədbirlər artıq bu planların icrasına başlandığını göstərmiş oldu. İlham Əliyevin hər bir səfəri bizdə işğaldan azad olunmuş ərazilərimizin qısa müddətdə bərpa olunacağı, əvvəlki illərdən daha yaxşı olacağı əminliyini yaradır. Bu gün digər ərazilərimizlə yanaşı Hadrutda da Azərbaycan bayrağı dalğalanır və bu bayraq burada əbədi olaraq dalğalanacaq. Hadrutun tarixi hissəsinin yenidən qurulacağı, tarixi abidələrlə zəngin olan bu qəsəbədə turizm mərkəzləri və otellərinin də tikiləcəyi hər birimizi qürurlandırır.

Onu da qeyd etmək yerinə düşərdi ki, vətən müharibəsində gecə-gündüz dayanmadan işləyən həkimlərimizin fədakarlığı, xalqımızın həmrəyliyi danılmazdır. Bu savaşda xalqımız möhtərəm Prezidentimizin arxasında dayanaraq dövlətimizin haqq işini dəstəklədi və qələbəyə inandı. Bunun nəticəsində də Azərbaycan tarixi zəfərinə imza atdı. Bütün bu uğurların nəticəsi olaraq biz inanırıq ki, öz dədə-baba yurdlarından didərgin düşən insanlarımız tezliklə öz doğma torpaqlarına qayıdacaqlar. Bunu əminliklə deyə bilərik ki, bütün quruculuq işləri başa çatdırıldıqdan sonra Qarabağ əvvəlki illərdən də möhtəşəm olacaq!!!


Açar sözlər: