Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir dövrü ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Ümumiyyətlə, ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
Bəlli olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir şəraitdə xalqımız dövlətimizi xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ulu öndərin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bu tariximizə Milli Qurtuluş Günü kimi daxil olmaqla ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir.
Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdı. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.
Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi olmuşdur. Bununla belə, o dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması regionların hazırkı inkişafına əlverişli zəmin yaratdı.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsəd kimi müəyyənləşdirmişdi. Regional güc mərkəzi olan ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələr regional, beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə töhfələr verir. Ümumiyyətlə, Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Bütövlükdə, bu gün Azərbaycan dünyada qüdrətli ölkə, yüksək nüfuza malik olan dövlət kimi tanınır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Başqa sözlə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.