Şirvan şəhər Gənclər Evinin inzibati binasında keçirilən Şirvan şəhər, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl və Neftçala rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firidun Həmzəyev, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş nitqi ilə açan Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov konfransın işinə uğurlar arzulayıb.
Daha sonra nazirliyin əməkdaşı Firidun Həmzəyev konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər, buraxılış imtahanlarında göstərilən nəticələrə və nöqsanlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunulub. Sonda Firidun Həmzəyev təhsil işçilərinə uğurlar arzulayıb.
Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Kamal Həsənov və B.Aslanov adına 16 nömrəli tam orta məktəbin gənc müəllimi Nailə Əliyevanın çıxışları ilə davam edib.
Konfransda Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyevin “Məktəb idarəetməsinin prioritetləri” barədə çıxışı dinlənilib.
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.