Fevralın 27-də Salyan rayonunda regional müşavirə keçirilib. Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar təşkil edilib.
Müşavirədə Təhsil, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nümayəndələri, həmçinin Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Cəbrayıl, Şirvan və Hacıqabul bölgələrini əhatə edən təhsil müəssisələrinin rəhbərləri, kollec, peşə və internat müəssisələrinin direktorları, eləcə də həmin bölgələrdə çalışan gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri iştirak ediblər.
Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan müşavirənin əsas məqsədi qeyd olunan məsələ ilə əlaqədar yerli təhsili idarəetmə orqanlarında çalışan rəhbər və digər aidiyyəti işçilərlə müvafiq maarifləndirmə işinin aparılmasıdır.
Təhsil Nazirliyinin Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən, həmçinin bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsi, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması, dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.
Müşavirə zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Rafiq Zeynalov çıxış edərək əleyhqazlardan istifadə qaydası, baş verə biləcək fövqəladə hallar zamanı təxliyə işinin doğru tənzimlənməsinin vacibliyindən danışıb.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib.
Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin məktəblilərin ordu həyatı ilə tanış olmalarına, hərbi Nizamnamə və Qaydaların mənimsədilməsinə də xidmət etdiyini qeyd edib.
Müşavirədə maarifləndirmə tədbirlənin təşkilinin xüsusi əhəmiyyəti vurğulanıb, məktəblilərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyi qeyd edilib. Həmçinin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.
Görüş müzakirələrlə başa çatdırılıb.