15.11.2018

    “Məktəblər arasında respublika çempionatı” nın Basketbol idman növü üzrə yarışlarının rayon mərhələsi keçirilib

             Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayon 2 saylı tam orta məktəbin idman zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq “Məktəblər arasında respublika çempionatı” nın Basketbol idman növü üzrə yarışlarının rayon mərhələsi keçirilmişdir.
           İlk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, uğurla davam etdirilən idman siyasəti digər idman növləri ilə yanaşı, basketbolun da inkişafı üçün böyük imkanlar yaradıb. 
         Daha sonra çıxış edən Salyan rayon Təhsil Şöbəsinin metodisti Emin Məlikov yarışın qaydaları və şərtləri haqqında komandalara ətraflı məlumat verərək komandalara uğurlar arzuladı. Bildirdi ki, keçirilən yarışda əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlərin arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqindən ibarətdir.
         Püşkatmadan sonra komandalar mübarizəyə başladı. Beynəlxalq Basketbol Federasiyasının oyun qaydalarına əsasən, olimpiya sistemi üzrə keçirilən, ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdlərinin iştirak etdiyi yarışların yekun nəticəsində III yeri Arbatan kənd tam orta məktəbin komandası, II yeri şəhər 7 saylı məktəb-liseyin komandası, I yeri isə şəhər 2 saylı tam orta məktəbin komandası qazandı. Qaliblər diplomlarla təltif olundular. 
       “Məktəblər arasında respublika çempionatı” nın Basketbol idman növü üzrə yarışlarının zona mərhələsində Salyan rayonunu şəhər 2 saylı tam orta məktəbin komandası təmsil edəcək.