Salyan RTŞ və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Salyan rayon təşkilatı ilə birgə Salyan şəhərində gənclərin hərbi xidmətə həvəsləndiriməsi məqsədi ilə çağırışyaşlı gənclərlə təbliğat xarakterli görüş və konsert proqramı keçirilib.
İlk öncə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamladı və keçirilən tədbirin əhəmiyyətindən söhbət açaraq bildirdi ki, vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətliliyindən, onun tarixi və milli – mədəni dəyərləri üçün qürur hissi keçirməkdən, doğma Vətənin siyasi, iqtisadi və mənəvi tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə can atmaqdan ibarətdir.
Daha sonra Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov tədbirin keçirilməsində əsas məqsədin çağırışyaşlı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, onların Vətənin müdafiəsinə, hərbi xidmətə hazırlığını daha da gücləndirmək, doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı hisslərinin daha da yüksəldilməsi olduğunu qeyd etdi.
Gənc müğənnilərin Aynur Əliyeva, Aynur Süleymanlı, Azad Hüseynov, Əlifəddin Kərimov, Fatimə Ağakişiyeva, Nəcəf Nəcəfquluzadənin iştirakı ilə konsert proqramı keçirilib, tədbir iştirakçılara xüsusi hazırlanmış tövsiyə-yaddaş kitabçaları paylanılıb.