04.04.2018

    Rayonun ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib

               03 aprel 2018-ci il tarixində Salyan Rayon Təhsil Şöbəsi və Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayonu “N” saylı hərbi hissəsində Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.9 bəndinə (hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, keçirilməsi üçün şəraitin yaradılması) əsasən ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
             Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.
           “Şahin” hərbi-idman oyununun rayon birinciliyində Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, “N” saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini mayor Xeyrulla Hüseynov, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin mülki-müdafiə işinin təşkili şöbəsinin zabiti kapitan İdris Rzayev, rayon Təhsil Şöbəsinin metodisti Emin Məlikov, Salyan rayon müharibə, əmək və silahlı qüvvələri veteranları təşkilatının sədri Vilayət Əsgərov iştirak edib.
           İlk öncə aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
           Tədbirdə çıxış edən Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların milli ruhda yetişdirilməsinin vacibliyindən söz açaraq bildirdi ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına, vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onlarda yüksək vətənpərvərlik şüurunun, öz vətəninə sədaqət hissinin formalaşmasına nail olmaqdan ibarətdir. Hərbi-idman oyunlarının keçirilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyət kəsb edir.
           Salyan rayon müharibə, əmək və silahlı qüvvələri veteranları təşkilatının sədri Vilayət Əsgərov çıxış edərək bildirib ki, gənclərin hələ məktəb dövrlərindən yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi olduqca vacibdir. Belə kütləvi tədbirlər bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edir.
          Dövət himni səsləndikdən sonra yarışlara start verilib.
         Yarışda rayonun 20 ümumtəhsil məktəbinin komandası tərkibində 280 nəfər yarışçı iştirak edib.

         Yarışın nəticəsinə görə I yerə Aşağı Noxudlu kənd tam orta məktəbin komandası, II yerə şəhər 2 saylı tam orta məktəbin komandası, III yerə isə Yuxarı Xalac 2 kənd tam orta məktəbin komandası layiq görülüb.
         Yarışda xüsusi fəallığı ilə fərqlənmiş komandalar aşağıdakılardır:
         Kərimbəyli kənd tam orta məktəbin komandası 
        Qarabağlı 1 kənd tam orta məktəbin komandası 
        “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri və fərqlənmiş komandaları Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.
        “Şahin” hərbi-idman oyununun rayon birinciliyində I yeri tutmuş Aşağı Noxudlu kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun zona birinciliyində Salyan rayonunu təmsil edəcəkdir.


Açar sözlər: ,  ,  ,