27 fevral 2018-ci il tarixdə Salyan rayonu Peyk kənd tam orta məktəbində direktoryanı müşavirə keçirilib.
Müşavirənin gündəliyində 2010-cu ildən başlayaraq məktəbə təyinatla və MİQ-in nəticəsinə görə gələn müəllimlərlə işin təşkili, onların mənzil - məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər, dioqnostik qiymətləndirmənin nəticələri, iş fəaliyyətlərinin tənzimlənməsi məsələləri əhatə olunub.
Müşavirəni giriş sözü ilə açan məktəbin direktoru Faiq Zərbəliyev qeyd edib ki, məktəbimiz rayon mərkəzindən ən ucqar məsafədə yerləşən kənd məktəbidir. Son illərə qədər məktəbdə fizika, kimya, coğrafiya, biologiya, dil ədəbiyyat fənləri üzrə ixtisaslı kadrlar yox idi. Bu da təlim-tərbiyə prosesinə, məktəbin keyfiyyət faizinə öz mənfi təsirini göstərirdi.
Şagirdlərin ali məktəblərə qəbulu son 5 ilə qədər yox səviyyəsində olub.
2010-cu ildən başlayaraq əvvəlcə fizika müəllimi Ağayev Cavid (dioqnostik balı - 53) və Azərbaycan dili və ədəbiyyat müəllimi Ağayeva Günay (dioqnostik balı - 47), 2011-ci ildə ibtidai sinif müəllimi Salahova Günel (dioqnostik balı-47), 2012-ci ildə biologiya müəllimi Hüseynova Vüsalə (dioqnostik balı - 56), 2015-ci ildə ibtidai sinif müəllimi Quliyeva Firuzə(dioqnostik balı - 42), 2016-cı ildə coğrafiya müəllimi Həsənli Gülarə (dioqnostik balı - 53), 2017-ci ildə informatika müəllimi Hüseynova Gülşən (MİQ balı - 38) məktəbə təyin olunublar.
Məktəb rəhbərliyi və rayonun aidiyyatı qurumları bu gənc müəllimləri daim diqqət mərkəzində saxlayır, onlara qayğı ilə yanaşılır.
Təsadüfi deyil ki, Ağayev Cavid müəllimə etimad göstərilərək məktəbin direktor müavinliyinə təyin olunub.
Aparılan məqsədyönlü işlərin, qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, son 4-5 ildə ali məktəbə daxil olan şagirdlərin sayı artıb.
Belə ki, ötən il məktəbi bitirən 10 şagirdən 2 nəfəri ali məktəbə, 1 nəfəri tibb kollecinə, 2015-2016 - cı tədris ilində məktəbi bitirən 10 şagirddən 4 nəfəri ali məktəbə, 1 nəfəri orta- ixtisas məktəbinə daxil olub. Şagirdlərin dərsə davamiyyəti artıb. Müəllim-valideyn münasibətləri yaxşılaşdırılıb.
Direktor qeyd etdi ki,gənc müəllimlərə bu diqqət, qayğı, etimad həmişə olacaq və qarşılığında onlardan gözləntilər daha da artacaqdır.