Salyan şəhər 8 saylı tam orta məktəbində yeniyetmə və gənclər arasında hüquq pozuntuları, narkomaniya, İİV/QİÇS virusu və digər neqativ halların profilaktikası ilə bağlı seminar keçirilmişdir.
Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov, RPŞ –nin narkomaniyaya qarşı qrupunun əməliyyat müvəkkili İsmayılov Məzahir, rayon Mərkəzi xəstəxanasının polikinika şöbəsinin həkim-narkoloqu Seymur Sayılov, rayon Mirəşrəfağa məscidinin axundu Sadıqov Ağalar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov tədbir iştirakçılarını salamladı və bu səpkidə keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq qeyd etdi ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır.
Bununla yanaşı yeniyetmə və gənclər arasında digər zərərli vərdişlərə olan meyillərin azaldılması və aradan qaldırılması üçün maarifləndirmə, profilaktika tədbirlərinin keçirilməsi olduqca vacibdir.
Daha sonra tədbirdə çıxış edən qonaqlar narkomaniya və bu bəlanın törətdiyi acı sonluqlardan bəhs edərək qeyd etdilər ki, yeniyetmə və gənclərimizin bu kimi digər zərərli vərdişlər və onların törətdiyi fəsadlar haqqında daha dolğun və ətraflı fikirə sahib olması günümüzün vacib məsələsidir.
Sonda mövzu ilə əlaqədar qısametrajlı videoçarx nümayiş etdirildi.