2017-2018-ci dərs ilindən ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişlənib. Ölkənin bir sıra ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi üzrə təşkilati işlər yekunlaşıb. Ötən dərs ilində IX sinfi bitirən şagirdlərin təxminən 40 faizə qədəri təmayüllü X siniflərdə yeni tədris planı və proqramlarla tədrisə başlayıblar.
Təmayülləşmənin tətbiqi heç də sadə proses deyil. Burada hər bir məqamı, yəni IX sinfi bitirən şagirdlərin meyil-maraqlarına görə düzgün seçimi, peşəkar səviyyəli pedaqoji heyətin formalaşdırılması, məktəblərdə lazımi təlim-tərbiyə şəraitinin yaradılması, təhsilin məzmununun müasir çağırışlara uyğun optimal müəyyənləşdirilməsi diqqətlə ölçülüb-biçilməlidir. İcbari ümumi orta təhsil səviyyəsində fənlər üzrə zəruri minimum bilik və bacarıqlara yiyələnən şagirdlər üçün tam orta təhsilin marağa uyğun təşkili ümumi təhsil sistemində yeni mərhələnin başlanğıcıdır.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, tam orta təhsil səviyyəsində təmayül siniflərinə seçilən şagirdlərə maraq göstərdikləri fənn sahələri - texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət üzrə keyfiyyətli bilik verilməsi, onların rəqabətqabiliyyətli şəxslər kimi formalaşdırılması ümdə vəzifələrdən hesab olunur.
Təhsilin təmayüllər üzrə təşkilinə valideynlərin də münasibətini önəmli sayan A.Əhmədovun fikrincə, gözlənilən nəticələrin uğurlu alınmasında bu amil mühüm əhəmiyyətə malikdir: “Burada maraqların vəhdəti, yəni həm məktəbin, həm şagirdlərin, həm də valideynlərin marağı üst-üstə düşərsə, qoyulan hədəfə çatmaq daha asan olar”.
Bununla belə, seçim prosesində çox diqqətli olmaq lazımdır: “Şagirdlərin maraq göstərdiyi sahələri, istedadı ilə fərqlənənləri müəllimlər daha obyektiv müəyyənləşdirir. Valideynlərin istəyindən asılı olmayaraq, meyil-marağı, istedadı olmayanları məcburən təmayülləşməyə cəlb etmək düzgün olmaz”.