IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman yarışları davam edir.
İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində akrobatika gimnastikası, Xaçmaz Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma güləşi, Cəlilabad Olimpiya İdman Kompleksində basketbol, Şirvan Olimpiya İdman Kompleksində taekvando, Lənkəran Uşaq-Gənclər İdman Məktəbində atletika idman növləri üzrə zona yarışları keçirilib.
İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində keçirilən yarışın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov idmançıları təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək məqsədi ilə keçirilən yarışların şagirdlər arasında idmana meyl və marağın gücləndirilməsində, idmanın kütləviliyinin artırılmasında əhəmiyyətli rol oynadığını bildirib.
700 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Xaçmaz, II yerə Siyəzən, III yerə Abşeron, Yunan-Roma güləşi idman növü üzrə I yerə Sumqayıt, II yerə Abşeron, III yerə Qusar, basketbol idman növü üzrə I yerə Cəlilabad, II yerə Lənkəran, III yerə Lerik, taekvando idman növü üzrə I yerə Zərdab, II yerə Laçın, III yerə Saatlı, atletika idman növü üzrə I yerə Lənkəran, II yerə Salyan, III yerə Astara, akrobatika gimnastikası idman növü üzrə I yerə Səbail, II yerə Nizami, III yerə Suraxanı rayon və şəhərlərin komandaları layiq görülüb.
Qaliblər diplom və medallarla təltif edilib.
Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.
Yarışlar aprelin 26-da başa çatacaq.