Salyan rayon Təhsil şöbəsinin akt zalında Əsasnaməsi Salyan rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən təsdiq edilmiş Şagird Gənclər Təşkilatının təqdimatı mərasimi keçirilmişdir.
Təqdimat mərasimində Salyan rayon İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahab Əhmədov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Salyan rayon Təhsil Şöbəsinin müdir müavini Kubra Quliyeva və ümumtəhsil məktəblərinin uşaq birliyi rəhbərləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov təşkilatın mahiyyəti barədə danışaraq bildirdi ki, Şagird Gənclər Təşkilatı ümumtəhsil məktəblərində təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların məktəbin ictimai həyatında fəallığını artırmaq, asudə vaxtlarının səmərəli təşkili, habelə gənclər arasında sıx əlaqələr yaratmaq və ümumi maraqlar əsasında təşkilatlanmaq məqsədilə təsis edilir.
Salyan rayon İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahab Əhmədov çıxış edərək bildirdi ki, belə bir təşkilatın yaradılması şagird və gənclərin rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştrakına səbəb olacaqdır.
Salyan rayon Təhsil Şöbəsinin müdir müavini Kubra Quliyeva Şagird Gənclər Təşkilatının yaradılması təşəbbüsünü bəyənərək, təşkilatın işində uğurlar arzuladı, uşaq birliyi rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.
Tədbirdə çıxış edən uşaq birliyi rəhbərləri Təşkilatın yaradılmasına tərəfdar olduqlarını bildirdilər.
Sonra Şagird Gənclər Təşkilatının slayd təqdimatı keçirildi.