18.04.2016

Jurnalistlər üçün təlimlər barədə

         14-16 aprel tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün keçirilən maarifləndirici təlimlər başa çatıb.

        Təlimin sonunda jurnalistlərə serfikatların təqdim olunması mərasimi keçirilib.

        Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov media nümayəndələrini təlimi uğurla başa vurduqları üçün təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Nazir müavini informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolundan danışıb və təhsildə aparılan islahatlar barədə maarifləndirmə işində  KİV-in üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

         Təhsil sahəsindəki müsbət dəyişikliklərin ictimaiyyət tərəfindən maraqla qarşılandığını deyən nazir müavini təlimlərin media və təhsil əlaqələrinə  müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

         Qeyd edək ki, təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edib.

         Təlimin əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.  

         Təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.

      Təlim müddətində jurnalistlər arasında müxtəlif viktorinalar və əyləncəli oyunlar keçirilib.

 

 


Açar sözlər: ,