Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2018-2019-cu tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, peşə təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunmuş Qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılır.

3. 2018-2019-cu tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir.

4. 2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apellyasiya komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

5. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını  təmin etsin.

6. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna (V.Yaqublu) tapşırılsın:

6.1 cari il mayın 31-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılmasını və təhlilini təmin etsin;

6.2. elektron test imtahanının keçirilməsi ilə bağlı zəruri təşkilati və təhlükəsizlik tədbirlərini həyata keçirsin;

6.3 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 1-15 iyun tarixlərində təşkil etsin;

6.4 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 25 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulunu təşkil etsin;

6.5 Azərbaycan Texniki Universiteti (X.Yahudov) müsabiqənin test imtahanı və müsahibə mərhələlərinin universitetdə keçiriləcəyini nəzərə alsın və bununla bağlı lazimi tədbirləri həyata keçirsin.

7.Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinə ( V.Xanlarov) tapşırılsın:

7.1 Müsabiqələr zamanı istifadə olunacaq proqram təminatının fasiləsiz fəaliyyətini və dayanıqlığını təmin etsin;

7.2 Proqram təminatının təhlükəsizliyini artırmaq məqsədi ilə əlavə dəyişikliklərin edilməsini təmin etsin;

7.3 İmtahan mərkəzi ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi arasında bağlantını təmin etsin, server avadanlığına nəzarəti həyata keçirsin və məlumatların replikasiya vasitəsi ilə təhlükəsiz saxlanılmasına şərait yaratsın;

7.4 Əsaslı Tikinti və Təchizat idarəsi (A.Axundov) ilə birlikdə imtahan mərkəzinin kompüter və şəbəkə avadanlığı ilə təchizatını təşkil etsin.

8. Əsaslı Tikinti və Təchizat idarəsi (A.Axundov) müsabiqələrin təşkili və keçirilməsi üçün zəruri avadanlıqların quraşdırılması, sazlanması, maddi-texniki təchizatın təmin olunması məqsədi ilə mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar tələb olunan zəruri tədbirləri həyata keçirsin;

9. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (V.Yaqublu) Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) ilə birlikdə müsabiqənin yekun mərhələsi olan müsahibə mərhələsində komissiyaların təşkil edilməsini, direktor və ixtisas müəllimlərinin cəlb edilməsini təmin etsin;

10. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.

11. Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın:

11.1 vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla 25 may 2018-ci  il tarixinə kimi müvafiq qaydada elektron portala daxil edilməsini təmin etsinlər;

11.2 müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin 15.09.2018-ci il tarixinədək  bağlanılmasını təmin etsinlər;

11.3 Ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişləri vaxtında təmin etsinlər;

11.4 Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında 01.10.2018-ci il tarixədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim etsinlər.

12. İnsan resursları şöbəsi (E.Bağırov) qaydaların tətbiqinə və qaydalara uyğun müsabiqənin təşkili və keçirilməsi prosesinə nəzarəti həyata keçirsin, müsabiqələrin nəticələrinə əsasən təsdiq olunmuş siyahıların yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini təmin etsin;

12.1 Müsabiqələrin nəticələri üzrə statistik məlumatları və hesabatları hazırlayıb rəhbərliyə təqdim etsin.

13. İnformasiya şöbəsi (E.Məmmədov) Nazirliyin internet səhifəsində bu əmrin, müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini təmin etsin.

14. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”nın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 15.05.2017-ci il tarixli 54 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

15.Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdirinə (M.Məmmədov) həvalə edilsin.       

 

Əsas: Aparat rəhbəri vəzifəsini icra edən, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri M.Məmmədovun xidməti məlumatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 may 2018-ci il

№F-346


 

               Əlavə:

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları